Azərbaycanda doğmaların icazəsi olmadan meyitdən donor kimi istifadə edilir? – RƏSMİ CAVAB

“Xarici ölkələrdən Azərbaycana buynuz qişa gətirilməsinə icazə verilir”.
Azərbaycanda bir sıra məşhur oftalmoloqların qanunsuz yolla buynuz qişa transplantasiyası həyata keçirdiyi iddia edilir. İddialara görə, adı açıqlanmayan həmin oftalmoloqlar qanunla qadağan olunmasına baxmayaraq, morqlarla sövdələşməyə giriblər və ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olurlar. Hətta bu “donor”lar vasitəsilə bir neçə xəstəni də əməliyyat ediblər.
Din.az “Oxu.Az”a istinadən bildirir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin rəsmi münasibətini açıqlayan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aytən Sultanova qeyd edib ki, Azərbaycanda buynuz qişa köçürülməsi ilə 5 cərrah məşğul olur və onlar hamısı Mərkəzdə çalışır: “Bunlar Cəmil Həsənov, Fərəh Abdulaliyeva, Fidan Ağayeva, Emil Hüseynov və Xəlil Hüseynovdur. X.Hüseynov həm bizim mərkəzdə, həm də Respublika Müalicəvi Diaqnostika Mərkəzində işləyir. Dövlət başçısının bu yaxınlarda imzaladığı sərəncama əsasən, xarici ölkələrdən Azərbaycana buynuz qişa gətirilməsinə icazə verilir. Azərbaycanda həmin icazə bu 5 həkimə verilib. Onlardan başqa heç bir həkim xarici ölkədən buynuz qişa gətirə bilməz”.
A.Sultanova mətbuatda gedən xəbərləri böhtan adlandırıb: “Mətbuatda gedən o xəbərlər şər-böhtan xarakteri daşıyır. Ümumiyyətlə, ölüxanaya girmək, meyitin gözündən buynuz qişa çıxarmaq heç ağlagələn bir şey deyil. Heç biri həqiqətə uyğun deyil. Azərbaycanda hələ ki, meyitdən orqan və ya toxuma götürülməsinə icazə yoxdur. Ölkədə göz bankı yaradıldığı halda meyitdən buynuz qişa götürülməsinə icazə verilər. Bu da, sözsüz ki, ölən şəxsin yaxınının icazəsi ilə gerçəkləşməlidir. Bunun üzərində hələ ki işlər gedir”.
A.Sultanova hazırda buynuz qişa transplantasiyası üçün gözləyən xəstələrin sayını da açıqlayıb: “Respublikada 3 mindən çox xəstə buynuz qişa köçürülməsini gözləyir. Hazırda xarici ölkələrin göz bankları ilə müqavilə imzalanır və ikitərəfli razılıq əsasında ölkəmizə buynuz qişa gətirilməsinə başlanacaq. Buynuz qişa, əsasən, ABŞ, İran İslam Respublikasından gətiriləcək. Bu istiqamətdə işlər davam etdirilir”.
Mərkəzin hüquqşünası Ramin Rzayev bildirib ki, bu iddialarla çıxış edən insanlarla bağlı tədbir görülməsi üçün müvafiq orqanlara müraciət edəcəklər: “Araşdırma etmədən əsassız formada böhtan xarakterli yazılar yazaraq, sadəcə, həkimləri qaralamaq məqsədilə edilən bir şeydir. Bildiyiniz kimi, Azərbaycanda canlı, ya cansız insanlardan orqan və ya toxumların götürülməsi tamamilə qanun çərçivəsində tənzimlənir. Eyni zamanda, Azərbaycanda meyitdən orqan götürülməsi qaydası hələ tam olaraq təsdiqlənməyib. Belə bir halda həkimləri ölülərdən orqan götürülməsi iddiası ilə günahlandırmaq özü qanuni məsuliyyət daşıyır. Həmin insanların müəyyən edilib barələrində tədbirlər görülməsi üçün müvafiq orqanlara müraciət edəcəyik”.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov açıqlamasında deyib ki, yayılan bu məlumatların heç bir əsası yoxdur: “Belə bir şeydən qətiyyən söhbət gedə bilməz. Yalandır. Bunu iddia edən şəxs belə bir faktı öz gözü ilə görübsə, bizə bildirsin. Birliyin həkimlə əməkdaşlıq edən həmin işçisi dərhal işdən azad ediləcək”.