AZƏRBAYCAN YƏHUDİLƏRİ

Azərbaycan yəhudilərini sayı 16.000 nəfərdir.
Azərbaycan ərazisində üç yəhudi icması – dağ yəhudiləri, Avropa yəhudiləri-əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları vardır. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.
Göründüyü kimi, dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edirlər. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri vardır.
Dağ yəhudiləri icması Azərbaycanda ən qədim yəhudi icmasıdır. Movses Kalankatvasi yəhudilərin Qafqaza gəlişini b.e. əvvəl I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.
Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.
Başqa tədqiqatçılar isə belə hesab edirlər ki, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır.
Zənnimizcə, hər iki konsepsiyada məqbul müddəalar vardır və deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana bizim eranın ilk əsrlərindən etibarən gəlməyə başlamış, Sasanilərin siyasəti ilə bağlı olaraq bu proses daha da güclənmişdir. Köçkün yəhudilər imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.
Tədqiqatçıların gərgin əməyi nəticəsində sübut edilmişdir ki, dağ yəhudiləri yəhudi xalqının ayrılmaz tərkib hissəsidir, onlar səfərdlər kimi tanınan «Şərq yəhudiləri» qrupuna mənsubdurlar, uzun müddət yad mühitdə, yad dinlər arasında yaşasalar da, öz mədəniyyətlərini, həyat tərzlərini, ənənələrini, əcdadlarının dinini, kimlik şüuru və mentalitetlərini qoruyub saxlamış, eyni zamanda Qafqaz mədəniyyətindən də təsirlənmişlər.
«Dağ yəhudiləri» adını onlar XIX əsrdə Qafqaz ölkələri Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra almışlar. O vaxt ruslar bütün Qafqaz xalqlarını «dağlılar» adlandırırdılar, odur ki, Qafqazda yaşayan yəhudilər də «dağ yəhudiləri» kimi tanınmışdılar.
Dini yönümlərinə görə, dağ yəhudiləri rəbbaniçilik tərəfdarlarıdır. Əhdi-ətiqlə yanaşı, Talmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında görürlər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Talmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmişlər. Onların bəzi inancları, ayin və mərasimləri yerli adət-ənənələrlə, xüsusilə Qafqaz xalqlarının bütpərəstliklə bağlı qədim təsəvvürləri ilə sıx əlaqədə təşəkkül tapmışdır. Meşədə yaşayan, hamilə qadınların ürəyini və ciyərini çıxarıb yeyən qadın Dedey-ol, yeni doğulmuş uşaqları himayə edən İlan-Əjdəha (Əjdəhaye-mar) ilə bağlı təsəvvürlər, habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb üstündən atılmaq yəhudiliklə deyil, yerli inanclarla bağlıdır. Yas mərasimlərində mərhumun bütün qohumları, dost-tanışları iştirak edirlər. Kişilər və qadınlar ayrıca yığışırlar. Qadınların məclisini ağı deyən qadın aparır. Meyiti qəbrə üzü Yerusəlim Məbədi tərəfə qoyurlar. Dəfndən sonra yeddinci gün (hoftə), qırxıncı gün (çülə) və il (yer isayt) qeyd edilir.
Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar.
Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.
Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasından çıxmışlar. Onlar ilk dəfə Azərbaycana XIX əsrin əvvəllərində, ölkənin Rusiya imperiyası tərəfindən işğalından bilavasitə sonra gəlmişlər. Bir müddət sonra ölkədə neft sənayesinin sürətli inkişafı da əcnəbilərin, o cümlədən Avropa yəhudilərinin də Bakıya axışıb gəlməsinə təsir göstərmişdir.
Gürcü yəhudiləri icması sayca kiçik (təxminən 700 nəfər) olsa da, fəaldır. 1997-ci ildə «Coynt» yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini – iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Avropada ən böyük sinaqoq olan bu bina köhnə məbədin yerində inşa edilmişdir. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. 2003-cü ilin sentyabrından etibarən Azərbaycanda ilk yəhudi məktəbi də fəaliyyət göstərir.