AZƏRBAYCAN MƏSCİDLƏRİNDƏ HOQQABAZLIQ – QURANI BAŞLARINA QOYDULAR – GÜNÜN FOTOSU

“Yəni Allah Taalanın əmri bizim başımızın üstündədir”…
İyunun 13-ü Bakının əksər məscidlərində Ramazan ayının ilk Qədr gecəsi keçirilib. Sosial mediada “Fatimeyi-Zəhra” məscidində qeyd olunan Qədr gecəsindən fotolar da paylaşılıb.
Qeyd edək ki, Bakının 5 yerində eyni adda məscid mövcuddur. Lakin yazıda təqdim olunan fotoların hansı rayonda yerləşən “Fatimeyi-Zəhra” məscidindən çəkildiyi qeyd edilməyib.
Təqdim edilən fotolarda diqqət çəkən əsas məqam, Qədr gecəsinə toplaşanların başlarına kitab və ya vərəqə qoyaraq İslamda olmayan hansısa ritualı yerinə yetirmələridir. Hətta aralarında bunu selfi edənlər var: yəni kitabı başına qoyub kənardan şəklini çəkən bu şəxs kimi.
Din.az “A24.az”a istinadən bildirir ki, bunun nə ritual olduğunu aydınlaşdırmaq üçün Bakıda yerləşən bir neçə “Fatimeyi-Zəhra” məscidi ilə əlaqə saxlamağa çalışdı. Yasamalda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinin axundu Ramiz Tahirov bu ritualın mənasını belə izah etdi:
“Bu kitab hamımızın bildiyi, Allahın Peyğəmbərinə göndərdiyi möcüzəvi kitab Qurani-Kərimdir. Bütün dünya, bəşər bunu qəbul eləyib. Həmin kitab, yəni Qurani-Kərim Allah Taalanın bizim üçün peyğəmbərimizə göndərdiyi əmrdir ki, “Ey insanlar, sizdən əvvəlkilərə şamil olduğu kimi, sizə də oruc tutmaq vacib oldu”. Oruc tutun, əməl edin, bəlkə xeyriniz olsun. Qurani-Kərimi başının üstünə qoymaq odur ki, Allah Taalanın əmri bizim başımızın üstündədir. Hansısa bir məmur bir şey deyəndə “baş üstə” deyirik. Allah tala bütün naz-neməti, aləmləri bizim üçün yaradıb ki, istifadə edib xeyrin görün və bu qaydalarla mənə qarşı gəlin. Odur ki, Allah tərəfindən gəlmişik, Allaha da qayıdacağıq. Torpaqdan yaranmışıq, torpağa da gedəcəyik. Yəni, bir sözlə o kitabı başımıza qoymağımızın mənası odur ki, mən müsəlmanam, Allahın buyurduğu əmrləri qəbul edirəm və bacardığım qədər çalışıram ki, onun əmrlərini yerinə yetirim. Quranda da buyurulduğu kimi, bu, mənə qarşı gəlmək üçün vasitədir”.