“AMAZON” HİNDİSTANLILARIN SİMVOLLARINI VƏ DİNİNİ TƏHQİR ETDİ – FOTO

Tərliklərin saytda satışa çıxarılmasından sonra Hindistanda ciddi etirazlar edilib.
Elektron ticarətdə məşhur olan “Amazon”un satışa çıxartdığı və üzərində Mahatma Qandinin rəsmi olan barmaqarası tərlik hindistanlılar tərəfindən sərt reaksiyaya səbəb olub.
“Din.az” “A24.az”a istinadən bildirir ki, BBC-də yer alan xəbərə görə, ötən həftə saytda Hindistan bayraqlı ayaqaltı xalçanın satışa çıxarılması ilə tərəflər arasında gərginlik yaşanıb. Bu dəfə elektron ticarət nəhəngi barmaqarası tərlik ilə bu gərginliyi daha artırıb.
Hindistanın Müstəqillik Hərəkatının lideri olan və “Millətin atası” olaraq bilinən Mahatma Qandinin rəsmlərinin yer aldığı barmaqarası tərliklərin saytda satışa çıxarılmasından sonra Hindistanda ciddi etirazlar yüksəlib. Hindistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vikas Svarup “NDTV”yə verdiyi açıqlamada, Hindistanın ABŞ-dakı səfirliyinin səlahiyyətli nümayəndələrinin “Amazon” nümayəndələri ilə görüşüb ölkəsinin dəyərlərinə hörmət edilməsi ilə bağlı tələbinin irəli sürüləcəyini deyib.
Hindistanın Maliyyə Nazirliyinin iqtisadi işlər üzrə müşaviri Şaktikanda Das isə “twitter” səhifəsindən verdiyi açıqlamada qəzəbini belə ifadə edib:
“Amazon”un Hindistanın simvollarına qarşı sərgilədiyi bu hörmətsizlik firmanı təhlükəyə atır”.
Beləliklə, Hindistandan gələn sərt reaksiyalara görə “Amazon” həmin məhsulları saytdan götürüb.
Qeyd edək ki, ötən həftə “Amazon”un satış saytında Hindistan bayraqlı ayaqaltılar satışa çıxarılmışdı. Hindistanın xarici işlər naziri Suşma Svaraj “Amazon”un Kanadada satışa çıxartdığı və üzərində Hindistan bayrağının yer aldığı ayaqaltılar üçün üzr istəməsini tələb etmişdi. Svaraj, “twitter” səhifəsindən paylaşdığı ismarışda şirkət üzr istəmədiyi və bayraqlarına qarşı hörmətsizliyin edildiyi məhsulları geri götürmədiyi halda, “Amazon” işçilərinə Hindistan vizasının verilməyəcəyini bildirmişdi. Svarajın bu təhdidindən sonra “Amazon” Hindistanla bağlı bütün məhsulları saytdan yığışdırmışdı.
Onu da bildirək ki, Hindistanda bayrağı təhqir edənlər pul və həbs cəzasına məhkum edilir.