Allah ürəyimizə görə verir?

Uca Allah buyurur: “Öz-özünüzü təmizə çıxarmayın; kimin qorunub çəkindiyini ən yaxşı bilən Odur” (“Nəcm” surəsi, 32).
Ətrafımızdakı insanlarla ünsiyyət zamanı tez-tez “Mənim ürəyim təmizdir” ifadəsini eşidirik. Bu cümlə hətta o dərəcədə cox işlədilir ki, sanki ətrafımızda qəlbi təmiz olmayan bir nəfər belə qalmamışdır. Bəzən pis davranışları olan, məsələn, kiminsə arxasınca qeybət edən birinin də, əslində, qəlbinin təmiz olduğunun, bunları, sadəcə, həqiqətin bilinməsi üçün dediyini iddia etdiyinin şahidi oluruq. Eləcə də çox zaman “Ürəyim təmiz olduğu üçün mənə çox şey əvvəldən məlum olur”, “Allah ürəyimə görə verir”, “Mənim ürəyim təmizdir, çünki heç kimə zərəri olmayan, heç kəsin toyuğuna «kış» da demiyən adamam” kimi iddialı ifadələr işlədirlər. Əslində, belə danışanlar eyiblərini müəyyən qədər bilərək özlərini təmizə çıxarmaq üçün bunu edirlər.
“Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə gedərsə, şeytan ona iyrənc şeyləri və pisliyi əmr edər. Allahın lütf və rəhməti üzərinizdə olmasaydı, içinizdən tək bir insan belə təmizə çıxa bilməzdi” (“Nur” surəsi, 21).
Heç şübhəsiz, insan üçün ən təhlükəli olan şey ürəyinin təmiz olduğunu düşünərək dini əmrləri ciddi yanaşmamasıdır. Bu məqsədlə gətirilən bəhanələrlə, əsasən, “Namaz qılmasam da, oruc tutmasam da, ürəyim təmizdir” kimi yanaşmalarla ibadətləri əhəmiyyətsizləşdirməyə çalışır, ya da dinin bütün əmr və qadağalarını “Allahın insanlardan istədiyi təmiz bir qəlbə sahib olmaları deyilmi?” şəklindəki fərdi anlayış və düşüncələri ilə eyniləşdirməyə cəhd edirlər. Əlbəttə, heç kimin qəlbində niyyətinin, məqsədinin nə olduğunu tam olaraq bilmək mümkün deyildir, lakin həqiqi mənada qəlb təmizliyini sözlər deyil, əməllər göstərir. Üstəlik, insanın ürəyinin təmiz olması ona xüsusi güzəştlər gətirəcək bir şey deyil, əksinə, onsuz da olması zəruri olan şeydir. Quran ayələri insanın həm dünyası, həm axirəti üçün xeyirli olan hər mövzuda olduğu kimi, bu mövzuda da olduqca mənalı təsbitlər verərək Allahın hər kəsin əsl niyyətini bildiyini və bu səbəbdən özünü təmizə çıxarmağa çalışmağın gərəksiz olduğunu vurğulayır:
“Elə insanlardır ki, onlar günahın böyüklərindən də, kiçiklərindən də çəkinib qaçırlar. Bəzi kiçik xətalar xaric. Heç şübhəsiz, sənin Rəbbin əfvi geniş olandır. Sizi ən yaxşı tanıyan Odur: Həm sizi torpaqdan yaratdığı zaman, həm də analarınızın bətnlərində cəninlər halında olduğunuz zaman. O halda, öz-özünüzü təmizə çıxarmayın; kimin qorunub çəkindiyini ən yaxşı bilən Odur” (“Nəcm” surəsi, 32).
Ayədə də diqqətin çəkildiyi kimi, heç kim özünü təmizə çıxarmağa çalışmamalıdır. Çünki yenə ayələrdə ifadə edildiyi kimi: “Şübhəsiz, Allah qəlblərin içindəkini haqqıyla bilir” (“Ali-İmran” surəsi, 119). İnsan etdiyi əməllərə və danışdığı sözlərə görə özünü çox zaman təmizə çıxarmağa çalışır, hətta xətalarının olduğunu bilsə də, yenə əməllərinə haqq qazandırmaga cəhd edir. Eyni zamanda, hər kəsin öz meyarlarına uyğun yaxşılıq və qəlb təmizliyi təsəvvürünün olması da danılmaz bir həqiqətdir. Lakin insan bunu unutmamalıdır: qəlblərin içindəkilərini və əsl niyyətləri yalnız Allah bilir. Bunu nəzərə almasaq, gözardı etsək, hesab günündə heç gözləmədiyimiz şeylərlə üzləşə bilərik. Başqa sözlə, fərdi mənada qəlb təmizliyi barədə inanc və iddianın kifayət etmədiyi kimi, əsl mənada qəlb təmizliyinin yalnız Allahın razı qalacağı təmizlik olduğunu da unutmamaq lazımdır. Bu isə Rəbbimizin əmr və qadağalarına lazımi şəkildə tabe olduqda mümkündür. Quran bu həqiqəti belə ifadə edir:
“Onlar ki, Allah anıldığı zaman qəlbləri titrəyənlər, başlarına gələn müsibətlərə səbr edənlər, namazı düzgün qılanlar və ruzi olaraq verdiklərimizdən infaq edənlərdir” (“Həcc” surəsi, 35).
“Bunlar iman edənlər və qəlbləri Allahı xatırlamaqla tətmin olan/hüzur tapanlardır. Xəbəriniz olsun: qəlblər yalnız Allahı xatırlamaqla tətmin olur/hüzur tapır” (“Rad” surəsi, 28).
Bununla yanaşı, bütövlükdə Qurana baxdığımız zaman bütün insanların xəta etdiklərini görürük. Rəbbimiz rəhməti sonsuz olduğu üçün insanları həmən cəzalandırmır və tövbə etmələri üçün onlara fürsət verir. Əslində, Allahın rəhmət və mərhəməti olmasa, ən yaxşı bildiyimiz insanlar belə mükafata layiq ola bilməzlər. Təkcə etdiyimiz yaxşılıq və ibadətlərlə sonsuz cənnət nemətlərini qazanacağımızı düşünmək doğru olmazdı. Nə qədər çox yaxşı əməl etsək də, Rəbbimizin əvvəldən bizə verdiyi saysız nemət və imkanların qarşılığını ödəyə bilmərik. Üstəlik, etdiyimiz xətaların dərhal eynilə cəzası verilsəydi, ayədə ifadə edildiyi kimi, yer üzündə tərpənən tək bir canlı belə qalmazdı:
“Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə tərpənən bir şey buraxmazdı. Amma elə etmir, onları müəyyən vaxta qədər gecikdirir. Vaxtları çatdıqda isə nə bir saat geri qalarlar, nə də önə keçə bilərlər” (“Nəhl” surəsi, 61).
Emre Dorman
Türkcədən çevirdi: Zülfiyyə Əmrahlı