Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kainat necə yaranıb? Bu aləmi idarə edən bir güc varmı? O güc haradadır, necədir? İnsan haradan yaranıb?

Yaradılşın yox, yaranışın sirri nədədir?

Kainat necə yaranıb? Bu aləmi idarə edən bir güc varmı? O güc haradadır, necədir? İnsan haradan yaranıb?
Bu suallar yəqin ki, şüurlu insanın formalaşmasından bu yana bəşəriyyəti düşündürən ən ali məsələdir. Bu gün din, ilahiyyatçılar öz müstəvisində bu suallara cavab tapdığını düşünür. Məsələyə elm müstəvisində aydınlıq gətirməyə çalışan alimlər də müəyyən qədər suallara cavab tapdığını düşünür. Filosofların da zaman-zaman yaradılışla, ali həqiqətlə bağlı olduqca maraqlı və ağılabatan mülahizələri olub. Lakin bu peşə sahiblərinin düşündükləri əksər hallarda üst-üstə düşmür, polemikalar yaranır, hər sahənin insanı öz xəttini, təriqətini daha doğru yol kimi görünür. Təbii ki, ali həqiqətlə, yaranışla bağlı sadalanan heç bir sahədə bütünlükdə dolğun nəticə əldə edilməyib. Yəni, filosifların ali həqiqət, kainatın gücü, ilahiyyatçıların Allah dediyi, materialist alimlərin inkar etdiyi bu böyük qüvvə insanlar üçün sirr olaraq qalmaqdadır.
Bəs bu sirrin çözümünə daha çox hansı peşənin sahibləri yaxındır?
Din.az A24.Az saytına istinadən “Ali həqiqətə kimlər daha yaxındır; fiziklər, ilahiyyatçılar, ədəbiyyatçılar, yoxsa filosoflar?” sualı ətrafındakı polemikanı təqdim edir.
Ədəbi tənqidçi, Əsəd Cahangir ali həqiqətin dərkini insanın yer üzündəki mövcudluğunun əsas mənası sayır. Lakin bu həqiqətin dərki insanın məşğul olduğu peşədən çox da asıllı olmadığını düşünr:
“Yazıçı, ilahiyyatçı, filosof, fizik olmasından asıllı olmayaraq ali həqiqətin dərki insan düşüncəsinin son hədəfidir. Amma kimin hansı peşənin sahibi olması, onun ali həqiqəti dərk etməsinə dəlalət etmir. Burada əsas göstərici insan idrakının ikinci qatının açılmasıdır. İdrakının bu qatı açılmayan insan ilahi həqiqəti dərk edə bilməz. Düzdür, əksər ilahiyyatçılar bu haqda danışır, kitab da yazır. Bu gün milyonlarla ilahiyyatçı əzbərlədikləri mətləbləri danışırlar. Amma digər tərəfdən Dostoyevski, Tolstoy kimi yazıçılar ali həqiqətə çatmış insanlardır. “Karamzaov qardaşları”, “Dirilmə” bunun göstəricisidir. Və yaxud Tolstoyun ömrünün axırında hər şeydən imtina etməsi onun ilahi həqiqəti dərk etməsi demək deyilmi? Bunu Nizami, Füzuli və digər bu kimi ədəbiyyat adamları haqqında da demək olar.
Bu günkü ədəbiyyatımızda Elçin, Afaq Məsud, İlqar Fəhmi, Həmid Herisçidən başqa kimi göstərə bilərik ki, onlar bu həqiqəti dərk etməsini əsərlərində göstərə bilir? Məsələn, mən Elçinin “Baş” əsərini bir yazıçının ali həqiqətin dərkinin son həddi sayıram. Sadaladığım yazıçıların da əsərlərində bu məqamlar var. Bu o demək deyil ki, onlar ali həqiqətin son həddinə vaqif olmuş adamlardır, yox. Yəni o həqiqətin son həddi yoxdur. Əksər müasir yazıçılarımız maarifçi-materialist təfəkkürdə qalıblar. Bu məqam bizim ədəbiyyatın yeni düşüncə üfüqlərinin açılmasına olduqca maneə yaradır. Bu o demək deyil ki, Axundovun, Sabirin ədəbiyyatımızda xidməti olmayıb. Sadəcə indi tələblər dəyişib”.
Əsəd Cahangir bildirir ki, mövzu etibarilə ilk baxışdan ilahiyyatçıların ali həqiqətə daha yaxın peşə sahibləri olduğu düşünülə bilər: “Amma bir şeydən danışmaq, hələ onu dərk etmək demək deyil. Yenə deyirəm, ilahiyyatçılar yüzlərlə kitab oxuya bilər, amma həqiqətə vaqif olmamış qala bilərlər. Amma bir yazıçı ilahiyyat sahəsinə aid heçnə oxumasa da, bu həqiqəti dərk edə bilər. Çünki ali həqiqət insanın içindədir. Allah tərəfindən əzəldən bu bilgi bizim içimizə yerləşdirilib. O kiminsə yazdığı kitablarda deyil, özümüzdədir. Şərqlilər buna mərifət deyir. O bizim içimizdə açılanda artıq bizim fizik, yazıçı, ilahiyyatçı, yaxud filosof olmağımızın önəmi qalmır. Ona görə də bizim hansı peşə sahibi olmağımızın bunu dərk etməyimizdə rol oynamır, əksinə bu həqiqətin açılması bizim necə filosof, necə şair, necə ilahiyyatçı, necə alim olmağımızı isbatlayır.

İlahiyyatçı Elşad Miri isə ali həqiqətin dərkinin təkcə ilahiyyatçıların işi olmadığını düşünür:
“İndi fikirləşəcəksiz ki, mən ilahiyyatçı olduğuma görə ilahi həqiqətə daha çox ilahiyyatçıların yaxın olduğunu deyəcəm. Amma belə deməyəcəm. Sizə bir nümunə gətirmək istəyirəm. Türkiyədə gənclərlə görüşdüyümüzdə bir gənc qəribə fikir səsləndirdi. Həmin gənc “Boğaziçi” universitetində oxuyur. Bizə ixtisasını ilahi həqiqətləri dərk etmək üçün dəyişdiyini dedi. Bu gənc ilahi həqiqətləri dərk etmək üçün sənədlərini fizika bölməsinə verib. Bu bölmədə də astrofizika ixtisasını seçib. Bu çox ciddi bir məsələdir. İlahi həqiqətlərin dərki deyəndə bizim ağlımıza dindarlar, ilahiyyatçılar gəlməli deyil. Bu ifadələr sonradan ortaya çıxıb. Allah “Qurani-Kərim”də dəfələrlə deyir ki, “Üstünə mindiyiniz dəvəyə baxmırsınızmı?” “Səmanın necə sütunsuz dayandığına baxmırsınızmı?”. Söhbət ondan gedir ki, ərəblər hər gün dəvəni görürdülər. Hər gün də dəvəyə baxırdılar. Amma burada sual “siz dəvəni araşdırırsınızmı?”dır. “Onun necə yaradıldığını düşünmürsünüzmü?” məsələsi aktualdır. Bu zoologiya elminə işarə idi. “Səmanın necə sütnsuz durduğuna baxmırsınızmı?” sualı astronomiya elminə aiddir. Məsələn, Bill Klintonun dönəmində “Genom” adlı bir layihə işə başlamışdı. Bu elm insan hüceyrələrindəki gen faktorunu araşdırırdı. Burada DNT şifrələri çözülürdü. O adam müsahibəsində deyir ki, bu işlə bağlı mən lobaratoriyaya ateist kimi girmişdim, amma oradan Allahı taparaq çıxdım. Onu demək istəyirəm ki, bu günkü dindarın işi “copy-paste”dir. Yəni eşitdiklərini olduğu kimi kopyalayıb, danışır, yazır. Amma özü bu barədə düşünmür, araşdırmır. İslam isə insandan bunu istəmir. Biz bu gün dini kitab kimi təqdim olunan, həyat kitabı olan “Qurani-Kərim”i biz fiziklərlə, astronomlarla, coğrafiyaşünaslarla və başqa sahələrin mütəxəssislərilə araşdırıb insanlara təqdim etmirik. Çünki bir iqtisadçının zəkat anlayışına münasibəti tamam başqadır, bir kimyagərin bu kitabda “ferium” – dəmir haqqında yazılanlara münasibəti tamam başqadır. İlahiyyatçı isə özündən əvvəlki təfsirləri götürərək təqdim edir. Mən ona görə də bu mövzuda birlikdəliyin tərəfdarıyam. Bir şura daxilində hər mütəxəssis öz yanaşmasını ortaya qoymalı, müzakirə edilməlidir. İlk Nobel alan müsəlmanın peşəsi fizikdir. Buna “Qurani-Kərim”dəki bir ayə sayəsində nail olub. Nyuton yerin cazibə qüvvəsini incildəki ilahi məqamları sübut etmək üçün kəşf edib. Nyuton haqqında xeyli mənbədən məlumatlar oxumuşam, onun elm haqqında yazdığı mətnlərdə sözlərin sayı 1 milyondur, dinlə bağlı yazdıqları isə 3 milyondur. Təəssüf ki, Nyuton bu gün bizə birtərəfli təqdim edilir. Araşdıranda görürsən ki, Nyuton dinsiz olmayıb.
Bu elə bir məsələdir ki, ilahi həqiqət insana bir anda da aydın ola bilər, illərlə din sahəsini araşdıran birinə aydın olmaya da bilər.

Fizik Yalçın İslamzadə isə kainatın dərkini yalnız elmdə görür:
“Bəşəriyyət, bugünkü inkişafına qədər içində olduğu dünya və digər insan qruplarına müxtəlif münasibət metodları ilə yanaşdı. Bu təfəkkür tərzlərinə mifoloji, dini, fəlsəfi, elmi sistemləri misal çəkə bilərik. Mifoloji təfəkkür, animalizm fərziyyəsindən yola çıxır, burada canlı və cansız arasında ayrım yoxdur, bütün obyektiv dünya və proseslər ruhlarla doludur. İnsanın içində yaşadığı dünyanı anlamaq üçün bildiyi yeganə model özü idi. Ona görə də tanrıların da onun kimi qəzəbləndiyini və hədiyyələr almaqdan məmnun olduğunu düşünürdü. Elmi inkişafın bir istiqaməti də demistifikasiya – elmi nəzəriyyələrə dərindən yerləşmiş animalistik baxışlardan qurtulmaq – idi, humus, floqiston, miazma nəzəriyyələri, mifoloji təfəkkürün izlərini daşıyırdı və tarixə qovuşdular. İndi mifoloji təfəkkür antropoloqların araşdırma mövzusu olan ibtidai qəbilələrin dünyagörüşüdür sadəcə.
Dini təfəkkür vəhyə əsaslanır və bütün həqiqətlərin əvvəlcədən, hazır halda verildiyini iddia edir.
Burada təbiətüstü bir gücün kənardan baxışı və bu baxışın vəhy vasitəsiylə sistem daxilinə – Kainatın içində yaşayan insanlara çatdırılması iddiası var. Biz artıq bu görüşün də obeyktiv dünya haqqında həqiqəti çatdırmadığını bilirik. O mətnlərdə səhv məlumatlar var, o dövrdən bu yana elm inkişaf etdi və biz Kainatın, canlıların, mədəniyyətin, həqiqətin bir tarixiliyi olduğunu, əvvəlcədən hazır verilmədiyini anladıq. İnsanların yaratdıqları bir çox sistem dini sistemdən üstündür. Əlbətdə dinlər, siyasi məqsədlərlə yaradılıb, onları həqiqət qaynağı kimi görmək lazım deyil. İnsanlıq inkişaf etdikcə dini ehkamlardan qurtulur və nece yaşayıb idarə olunacaqlarına birlikdə düşünərək özləri qərar verirlər. İnsanlığın ortaya qoyduğu Beynəlxalq İnsan Hüquqları Bəyənnaməsi, istələn dinin insan anlayışından əhatəli, inkluziv və humanistdir. Elmdə də biz ilahi qanunların yerini təbiət qanunlarının tutduğunu görürük, açıqlamalarımızda yaradıcıya getdikcə az yer qalır.
Fəlsəfi düşüncə, müşahidə edər, sistemləşdirər, tənqid edər, bir nəzəriyyədəki boşluqları göstərə bilər, ancaq onun bilgi əldə etmək üçün metodu yoxdur. Nəticələrinin doğruluğuna heç bir formada zəmanət verə bilmir. Gündəlik həyatdan kənara çıxmayan müşahidə, dərin təfəkkür və məntiq qanunları – fəlsəfə bunlardan ibarətdir və fəlsəfənin yanıldığı dəfələrlə sübut olunub. Modern fizika, Aristotelin sxolastik fəlsəfəsinin yıxılması ilə mümkün oldu. Fəlsəfənin, yanıla bilən insan düşüncəsindən başqa heç bir aləti yoxdur.
Dünya haqqında obeyktiv, doğru məlumatın, bilginin yeganə qaynağı elmdir. Çünkü elm, öz arzu, istək, qəzəb, həsrət, yanılsama və sair insan zəifliklərini xaricə proyeksiya edib bizə həqiqət deyə satmağa çalışmır. Elm, “təbiətdən soruşur”. Elmdəki təcrübənin məqsədi təbiətdən soruşmaq, onu düzgün başa düşüb düşmədiyimizi yenə təcrübə ilə təsdiq etməkdir. Siz universal qravitasiya sabitini dünyanın istənilən nöqtəsində oxşar təcrübələrlə ölçə bilər, Nyuton qanunlarına görə əməli fəaliyyət göstərə bilərsiz. Biri digərini inkar edən filosoflar, ya da hər biri öz dinlərinin doğru olduğuna inandıqları 4200 dinin mənsubları sizə həqiqət verə bilməz.
Nil çayının sahilində oturub onun ilahinin rəhməti olduğu haqqında vəz verə, hərəkət və dəyişiklik haqqında fəlsəfi polemikalar apara, sevgilinin saçlarını Nilə bənzətmək kimi poetik tapıntılar əldə edə bilərsiz. Kainatın, eləcə də Nilin insan üçün, fəlsəfi spekulyasiya, sevgilini vəsf etmək üçün mövcud olduğuna özünüzü inandıra bilərsiniz. Amma çayın mənbə və mənsəbini, yatağının relyefini, suyun sürət və həcmini, nə zaman daşacağını, təbiətdə su dövranını sizə ancaq elm göstərəcək. Ya da ulduzlar – şair ulduzları hipotetik sevgilisinin gözlərinə oxşada, dindar onların gecə yola işıq saçmaq üçün yaradıldığını deyə, filosof onların canlı olduqlarını iddia edə bilər. Ulduzla planet arasındakı fərqi, onların məsafəsini, parlaqlığı, kütləsini, kimyəvi tərkibini ancaq elm öyrənə bilər. Əlbətdə, dini, fəlsəfi, poetik tapıntılar insan həyatını zənginləşdirər, ancaq bunlar olduqca subyektivdir, sadəcə estetik həzzə xidmət edə bilər. İnam, heyrət, heyranlıq, mübahisə xatirinə düşünmək-dinin, romantik baxışın və fəlsəfənin yanaşmaları-bir yana, anlamaq istəyiriksə, bunu bizə elm təmin edir.
Sualdakı “yaradılış sirri, ali həqiqət” dini terminlərdir və özündə bəzi mülahizələri gizlədir. Kainat yaradılıb, hərkəsə açıq olmayan ali həqiqət var kimi. Sualı belə qoymaq bizi aldada, sualın içindəki fərziyyələri təsdiq etməyə həvəsləndirə bilər. Ali sirr varmı, Kainat yaradılıbmı – bunları zamanla, Kainatın xaricindən gələn vəhylə yox, içəridən, daxildən qazaraq, kiçik addımlar ataraq, bəzən səhv edərək, elm kəşf edəcək. Elm səhv edir, ancaq onun səhv düzəltmə mexanizmi var və elmdə bir səhvi tapmaq yeni kəşf etmək qədər yüksək qiymətləndirilir. Supernaturalist deyil, naturalist olaq. Düşünürəm ki, Kainatı bizə fiziklər və canlı həyatı bioloqlar doğru olaraq tanıdırlar. Canlıları anlamaq üçün biologiya, cansızları anlamaq üçün fizika. Əlbətdə canlılar həm də fizika qanunlarına tabedirlər. Digər vacib sahə olan kimya isə, fizikanın bir qoludur.
O xüsusiyyətlər “bilgi iddiasının qaynağı, bilginin əldə edilmə metodu nədir və yoxlanılması necə aparılır?” sualına cavabdadır. Bir dəfədə, sadəcə bir nəfərə bildirilən səmavi mesajmı, kabinet filosofunun dərin düşüncələrimi bilgi yaradar? Yoxsa müşahidə, fərziyyə, testlər, riyazi dil, yenidən təcrübə, nəticələrin ciddi akademik jurnallarda yayınlanması, akademik mühitdə şiddətlə müzakirəsimi? Yeni kəşf etmənin olduğu qədər, elmdəki bir səhvi tapmanın da eyni dərəcədə hörmət qazandırdığı bir sahəmi? Həqiqət budur ki, bilgi dediyimiz sadəcə elmin məhsuludur. Digər disiplinlər, arzu, istək, olduğundan artıq peotikləşdirmək, dramatizə etmək, manipulyasiya etmək cəhdidir.
Bu tələblərə riyaziyyatı dil kimi istifadə edən elm sahələrilə – başda fizika, kimya və biologiya olmaqla – məşğul olan alimlər cavab verir.
Mənim üçün illərlə primatları müşahidə edən, genetik analzilərini aparan, onları məqsədyönlü təcrübədə istifadə edən bir bioloqun nəticələri, insan təbiəti haqqında bütün siyasət filosoflarının dediklərindən əhəmiyyətlidir.

Filosof Niyazi Mehdi məsələyə fəlsəfə fəzasında yanaşır: “Mən başa düşürəm, bu soru haradan gəlir, nədən qaynaqlanır. Sir və sirri bilmək bütün mədəniyyətlərdə adamları ekstaza gətirən nəsnələr olub. Ortaçağ müsəlman mədəniyyətində səyyahlar, tacirlər başqa ölkələrdəki sirləri bilmələri ilə sultanların məclisini ləzzətli edirdi. Bütün dünyada maraqlı söhbət qıtlığı var. Sirləri bilənlər bu qıtlıqda ulduz kimi parlayırdılar. Əl-kimyaçılar qızılın sirrini açmaq üçün turşu və metallar arasında mistik kimyəvi əməliyyatlar aparırdılar. Sufilər batini bilikləri ilə adamları sehrləndirirdilər. Sirr və gizlilərin şakəri türlü konspiraloji nəzəriyyələr, türlü siyasi-əxlaqi şayiələr törətmişdi və törədir. Çağmızda İnternet və plüralistik media ortamında sanki sirlərin sayı azalmalı idi. Ancaq fikir versəniz, görərsiniz ki, ötən illərin sirləri azalsa da elə internet və yeni media özləri yeni sirlər yardıb.

«Yaradılışın sirri» düsturanda sorunun qaynağı bundandır. İndi gəlin sualın məntiqi, linqvistik incələnməsinə keçək. Bu formula varlığı yaradılış kimi postulaşdırır və sonra sirri həmin yaradılışın məqsədinin bilinməzliyində görür. İyirmi-iyirmi beş il qabaq mən «Bu dünyanı yaratmaq Allahın nəyinə lazım idi» sorusuna cavab tapmaq üçün məqalə yazmışdım. Fəlsəfə və ilahiyyatşünaslıq tarixində həmin suala verilmiş cavabları boşa çıxarandan sonra bu düşüncəyə gəlmişdim ki, insan heç vaxt onun cavabın tapmayacaq, ancaq bunu billə-bilə cavablar axtarışında bulunanda sıfır vəziyyətindən çıxır. Doğrudan da əgər desən ki, Allah tarixi yaradıb ki, insanları sınağa çəksin, belə çıxar ki, Allahın bilmədikləri var, sınağa çəkir ki, bilsin. Bəzi filosoflar, tutalım, Hegel fəlsəfəsini onun üstündə qurmuşdu ki, Mütləq Ruh konkretliyi bilmir, ona görə də konkret ssenarilər törədir ki, konkret davranışı görsün. Ancaq bu yanaşma da Onun biliyinə sınırlar qoyur. Başqa sual da var, nədən Tanrı əbədiyyyətin içində birdən-birə hansısa nöqtəni seçib ondan sonra Yeri-Göyü, qurunu, Cənnəti, Adəmi yaratdı? Yaxşı, Bibliyadan görünür ki, yaradılışın əsas səhnəsi Yaxın Doğu olub. Bəs o çağlar Çində, Avstraliyada Tanrı nə ilə məşğul idi? Hegeldə bu soruya cavab var, Mütləq Ruh Doğuda əsas işini görəndən sonra oranı boş buraxır, keçir Əski Yunanıstana və oranı baş səhnə edir. Bəs Yerdə tarixi yapanda Tanrı Kosmosun başqa yerlərində nəsə edirdi? Əgər çağdaş fizikanın söylədiyi paralel dünyalar varsa, onlar necə, Tanrı eyləminin səhnəsidir, ya yox?
Hansı filosoflarsa dünyanı Tanrının demuurq, yaradıcı subyekt kimi eyləminin məhsulu saymışlar. Yəni sənətçi (müsəvvər) şəkil çəkməkdən ləzzət aldığı üçün öz işinə aludədir. Doğrudan da sənətçi ləzzət almasa əsər yarada bilərmi? Yox. Darıxa-darıxa normal işmi görmək olar. Buradan çıxan sonuc: Allah-təala dünyanı yaratmaqdan ləzzət aldığı üçün bu yaradıcılığa qurşanmışdı. Ancaq O hər şeyi biləndirsə, deməli, bu dünyada heç nə Onu təəccübləndirməz, deməli, Allah-təala yapıb yaratdığı dünyaya nə heyran ola bilər, nə sevinə bilər, nə vəcdə gələ bilər. Bu dünya bizi mat qoyur. O isə bu dünyaya əsnəyə-əsnəyə tamaşa etməlidir. Belədirsə, dünya, tarix Allah üçün darxdırıcı, üzücü tema olmalıdır.

Bəs sizin verdiyiniz sorunu belə çevirsək, necə? Yəni soruşsaq ki, yaradılşın yox, yaranışın sirri nədədir? Yenə varlığın əzəli qaranlığa bürünəcək. Bu qranlıq hamı üçün qaranlıqdır, fəlsəfə üçün də, fizika üçün də hətta teologiya üçün də. Ona görə o sirrə hamının məsafəsi uzaqdır. Sadəcə, hansı filosof, yazar, fizik isə bu sirri aça bilməsə də, bu sirri düşünəndə parlaq deyimlər aydıra bilər. Nəsiminin şeirlərini, Əttarın poemalarını yada salaq. İdealist fəlsəfəni yada salaq”.

Sərdar Amin. A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az